Ticarətdə çox and içməyin zərərləri

And həmsöhbətimizi (müştəriyə) bir şeyə inandırmaq və qəbul etdirmək, bir şeyi etmək və ya etməmək üçün özümüzü və ya başqasını həvəsləndirib hərəkətə gətirmək üçün müəyyən qəliblərdə dilə gətirilən sözlərə deyilir. Anddan məhkəmə və ticari əlaqələrdə tərəfdaşları, alıcıları inandırmaq üçün istifadə edilə bilər. Buna görə də ehtiyac olanda ifrata varmamaq şərti ilə Allahın adına and içməyə müsbət baxılmış, hətta tövsiyə edilmişdir. Allah-Təala da Quranda insanlar ilahi bəyanı diqqətlə dinləyib ibrət alsınlar  deyə andlara yer vermişdir.

Müəyyən hallarda and içməyə icazə verilsə də, dünyəvi, bəsit mənfəətlər naminə and içməməli, şəxsi mənfəətlərimizə Allahın adını qarışdırmamalıyıq. Çünki hədisdə ifadə edildiyi kimi, çox and içmək alış-verişin bərəkətini yox edir və insanın etibarına xələl gətirir. Allah Rəsulu başqa bir hədisində “And içmək malın alıcı tapmasına və müştərilərin maraq göstərməsinə kömək etsə də, qazancın bərəkətini aradan qaldırır” – deyir.

Yenə Rəsulullah (s.ə.s) bəyan edir ki, Allah üçün ən sevimli və ən gözəl yerlər Allahın adı anılan məscidlər, ən şərli məkanlar isə Onun adına yalan yerə çoxlu and içilən bazar və dükanlardır.

Bu xəbərdarlıqlar alış-veriş əsnasında iş adamlarının və ticarətçilərin malını satmaq və ya malının daha keyfiyyətli olduğunu sübut etmək üçün çoxlu and içməsinin yaxşı bir şey olmadığını göstərir. Çünki doğru belə olsa, alış-verişdə and içmək məkruhdur.

Doğru da olsa, alış-verişdə and içilməsini qəbul etməyən dinimiz yalan yerə and içməyi isə Allaha ortaq qoşmaq, ana, ataya üsyan etmək, haqsız yerə adam öldürmək kimi böyük günahlar arasında qeyd edir. Yalan yerə and içmək təkcə ticari sahədə deyil, həyatın hər bir sahəsində çirkin bir davranış sayılır. Quran and içmə alışqanlığının münafiqlərə aid bir “xəstəlik” olduğunu və çox and içənlərlə riyakarlıq və münafiqlik arasında əlaqə  olduğunu xəbər verir. Allah kiçik mənfəət üçün Onun adından istifadə edənlərin və and içərək insanları aldadanların axirətdə üzünə baxmayacaqdır. Peyğəmbərimiz bu həqiqəti bizlərə xatırlatmış və bu cümləni üç dəfə təkrar etmişdi: “Üç zümrə vardır ki, qiyamət günü Allah onlarla danışmaz, onların üzünə baxmaz və onları təmizə çıxarmaz. Həm də onları dəhşətli əzab gözləyir”. Hədisi rəvayət edən Əbu Zərr (radiyallahu anh) dəhşətli məhrumiyyət və zillətə düçar olan bu şəxslərin kimlər olduğunu soruşmuş, Allah Rəsulu da belə buyurmuşdu:“Paltarlarını yerlərdə təkəbbürlə sürüyən, etdiyi yaxşılığı başa qaxan və yalan yerə and içərək malını yaxşı qiymətə satmağa çalışanlar”.

Fani dünya malı üçün Allahın adından istifadə edib insanları aldatmaq “özünü aldatmaq”dan başqa bir şey deyildir. Çünki ticari işlərində diqqətsizlik və laqeydlik üzündən and içməyə adət edən şəxs qısa vaxtda çox şey qazanmış kimi görünsə də, ümumiyyətlə həm alış-verişin bərəkətindən, həm də Allahın mərhəmət və sevgisindən məhrum olur. İnsan üçün ən böyük məhrumiyyət ən böyük yoxsulluq və zillət Allahın mərhəmətindən məhrum olmaqdır. İnsan bir dünya malını itirməklə müvəqqəti çətinlik çəkə bilər, ancaq Allahın mərhəmətindən məhrum olmaq əbədi cənnəti itirmək, ilahi əzaba düçar olmaq deməkdir ki, onu da heç nə ilə geri qaytarmaq olmaz. Çünki Peyğəmbərimiz buyurduğu kimi, bir müsəlmanın malını əlindən almaq üçün yalan yerə and içmək Allah-Təalanın hüzuruna ilahi qəzəbə tuş gələrək çıxmağa səbəb olur. Uca Allah yalan yerə and içənlərə xəbərdarlıq  edir:

Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günü onları dindirməz, onlara nəzər salmaz və onları (günahlarından) pak etməz (təmizə çıxarmaz). Onları şiddətli bir əzab gözləyir!

0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *